image

Nizami Gəncəvi

«NİZAMİ GƏNCƏVİ YARADICILIĞINDA İQTİSADİ MOTİVLƏR»
rəsm və inşa müsabiqəsi

2021-ci il “Nizami Gəncəvi ili” çərçivəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı məktəblilər arasında 2021-ci ilin 10 fevral – 10 mart tarixlərini əhatə edən “Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər” adlı inşa və rəsm müsabiqələri elan edir.

MƏQSƏD

Məktəbliləri Nizami Gəncəvi yaradıcılığında israfçılığın tənqidi, pulun dəyəri, qənaət və yığım vərdişlərinə dair fikirlərlə tanış etməklə onların maliyyə savadlılığı üzrə bilik və bacarıqlarını artırmaqdır.


RƏSM MÜSABİQƏSİ

Rəsm müsabiqəsi 7-14 yaş qrupunda 3 nominasiya (1-ci, 2-ci, 3-cü yer) üzrə keçirilir. Təqdim olunan rəsm nümunələri A4 və ya A3 formatında, sulu (yağlı) boya, karandaşla çəkilə bilər. Rəsm müsabiqəsində iştirak etmək istəyənlər özləri barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, təhsil aldığı məktəb, sinif, şəhər, rayon, 2 əlaqə nömrəsi) və rəsmlərini Mərkəzi Bankın Bakı şəhəri, AZ 1000, Bülbül prospekti 27 ünvanına göndərməlidirlər.


İNŞA MÜSABİQƏSİ

İnşa müsabiqəsi 12-14 yaş qrupunda 3 nominasiya (1-ci, 2-ci, 3-cü yer) üzrə keçirilir. Təqdim olunan inşalar Azərbaycan dilində maksimum 1500 sözdən ibarət, “MS Word” proqramında hazırlanaraq “pdf” formatında təqdim olunmalıdır (soldan 25 mm, sağdan 20 mm, yuxarı və aşağıdan 20 mm., abzas sol tərəfdən 12,5 mm olmalıdır, yazının şrifti Arial, ölçüsü 12, sətirlərarası interval isə 1,5 olmalıdır). İnşa müsabiqəsində iştirak etmək istəyənlər özləri barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, təhsil aldığı məktəb, sinif, şəhər, rayon, 2 əlaqə nömrəsi) və hazırladıqları işlərin elektron formasını Nizami880@cbar.az elektron poçtuna göndərməlidirlər.


Rəsm və inşaların alt mövzuları Nizami Gəncəvinin əsərlərindən seçilmiş və burada yerləşdirilmiş parçalardan götürülə bilər.


Hər iki müsabiqənin ilk 3 nominasiyası üçün 6 şagird (3 rəsm, 3 inşa müsabiqəsindən) seçiləcəkdir. İlk 10 yeri qazanmaqla fərqlənən 20 şagird isə (10 rəsm və 10 inşa) Mərkəzi Bankın ekspertlərinin şagirdlər üçün hazırladığı Mərkəzi Bankçılığa dair seminarlarda iştirak edəcəkdir. Seminarlar şəraitdən asılı olaraq virtual və ya fiziki keçiriləcəkdir.


Müsabiqə qalibləri hədiyyələr və sertifikatlarla təltif olunacaqlar.


Müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 598 2761 telefon nömrəsinə zəng vura, yaxud Nizami880@cbar.az elektron poçtuna yaza bilərlər.

© 2021 Bütün hüquqlar qorunur.

Poemalar

  • Sirlər xəzinəsi

    Gizli bir hatif mənə dedi: - Möhtac olanda,

    Borcu o qədər al ki, verməyə gücün çata.

    (Səh.66)

    Kimlər ki çəkir zəhmət, məgər taparmı illət?

    Məşəqqətin sonundan başlanır istirahət.

    (Səh.121)

    Səfa görmək istəyən zəhmətə arxalanar,

    Yayda ruzu yığanlar, qışda rahat dolanar.

    (Səh.137)

    Ehtiyacından artıq bir az qızılı vardı,

    Öz halal dinarını kisəsində saxlardı.

    Bu niyyətlə sofuya o baş çəkdi bir gecə,

    Kisəsini əmanət verdi ona gizlicə.

    (Səh.161)

    Ha xərcləsən, bu yatır zənginləşər, azalmaz,

    Gəlirin çıxarından çox olar ki, az olmaz.

    (Səh. 171)

    Nəfs vurub dağıdır hər cür qayda-qanunu,

    Qoy qənaət qılıncı vursun nəfsin boynunu.

    (Səh.179)


    Ədəbiyyat: Nizami Gəncəvi. Sirlər xəzinəsi. Bakı, “Lider nəşriyyatı”, 2004

  • Xosrov və Şirin

    Vücudum parlasın qənaət ilə,

    Məcazım sağalsın itaət ilə.

    (Səh. 31)

    Dünyadan əlimdə mal yoxsa əgər,

    Qənaət кi vardır, кifayət edər.

    (Səh. 34)

    Su artıb həddini aşarsa əgər,

    Içəni doydurmaz, mütləq qərq edər.

    (Səh. 48)

    Günəş və ay кimi bir paltar geyin,

    Olsun həşrə кimi yoldaşın sənin.

    Qoy dünyada qalsın bu naz, bu nemət,

    Bir parça çörəyə elə qənaət.

    (Səh. 111)

    Yağdan qüvvət alıb yansa da çıraq,

    Çox olsa çırağı söndürəcəк yağ.

    Duzla ağarsa da xörəyin üzü,

    Gərəк qədərincə töкəsən duzu.

    Xurmanı az ye кi, tiкan olmasın.

    Yaxşı xörəк gəlib yaman olmasın.

    Lazım olanı ye məqbul qədərdə,

    Halal olsun sənə haram şeylər də.

    (Səh. 165)

    Qənaətə şad ol, tamahdan əl çəк,

    Mən кimi qətrə ol, yaşa dəniztəк.

    (Səh. 169)

    Sələm yeyən olma, unutma bir an:

    Sələm yeyən şirə neylədi dovşan

    (Səh. 323)

    Çörəyin, suyun var, qane ol, otur,

    Ən azad bir ölкə, inan кi, odur.

    Şadlıqla gün кeçir, fiкirdən qurtar,

    Çox qayğı çəкməyin min bəlası var.

    Zahid sığıncağı oldu mağara,

    Şadlıqdan qələbə çaldı əğyara.

    O dağda gizlənmiş möbidə bax sən,

    Qənaət edərəк qurtardı qəmdən.

    (Səh. 331)

    Artıq darı yemə sən bu xırmandan,

    Ona qənaət et, öz halına yan.

    (Səh. 339)


    Ədəbiyyat: Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı, “Lider nəşriyyatı”, 2004

  • Leyli və Məcnun

    Öz xırmanından ver zəkatımı sən,

    Qəbzinlə gəzməyim qapı-qapı mən.

    (Səh. 18)

    Məşəl tək əlinin müzdüylə dolan,

    Şam kimi, sən də öz xəzinənlə yan.

    (Səh. 199)

    Dünyanın borcundan qorxmalısan sən,

    Bir çöp olsa belə alacaq səndən.

    Bu borcu verməyə çalış, ey insan,

    Çalış ki, qurtarsın minnətdən yaxan.

    (Səh. 227)

    Xəzinə qızıldan olduqca kənar,

    Qapısı daima qıfılsız olar.

    Onu qızıl ilə doldursa insan,

    Xəzinə qapısı bağlanar hər an.

    (Səh. 239)


    Ədəbiyyat: Nizami Gəncəvi. Leyli və Məcnun. Bakı, “Lider nəşriyyatı”, 2004.

  • Yeddi gözəl

    Bir gün bar götürər ağac əkənlər,

    Xəzinə aparar əmək çəkənlər.

    (Səh. 27)

    Bilikli adamlar uzağı görər,

    Cahilin zəhməti hədərdir, hədər.

    Bilikli tacirlər çıxarkən yola,

    Qorucu götürər, salar sağ-sola.

    (Səh. 40)

    Qızıl xərclənəndə işrət gətirər,

    Saxlansa əziyyət, heybət gətirər.

    (Səh. 44)

    Çalış borcunu ver getsən həy yana,

    Ta ki, oxşayasan yüksüz heyvana.

    Dünyanın yükünü üzərindən at,

    İstədiyin yerə sonra çal qanad.

    (Səh. 47)

    Özünə bab şeyi xərcləsən əgər,

    Daha faydalıdır, hər şeyə dəyər.

    (Səh. 79)

    Torpaqda mədaxil, məhsul qalmadı,

    Odur ki, xəznədə bir şey qalmadı.

    Gəlir yox ödənməz oldu vergilər,

    Günləri xoş keçən yoxdu bir nəfər.

    (Səh. 268)


    Ədəbiyyat: Nizami Gəncəvi. Yeddi gözəl. Bakı, “Lider nəşriyyatı”, 2004.

  • İsgəndərnamə

    I hissə “Şərəfnamə”

    Malı olsa belə, kifayət qədər,

    Yenə iş adamı çalışar, işlər.

    Naz-nemət içində rahatlıq tapar,

    Tələsməz, atını astadan çapar.

    Nə həddindən artıq paylar malını,

    Nə də xəsisliklə pozar halını.

    (Səh. 68)

    Bütün tacirlərdən o, bac almadı,

    Ölkədə kimsədən xərac almadı.

    Dehqan vergisinə çəkərək qələm,

    Sərmayəsizlərdən almadı dirhəm.

    (Səh. 74)

    Bu sələm yeyənə xəracmı vermək?

    Alçaqlıq deyilmi bu iş, nə demək!

    (Səh. 102-135)

    Vergi ver, kini sil, qoy işə qədəm,

    Köhnə ayinlərə, gəl, çəkmə qələm.

    (Səh. 102-135)

    Xəznədə nə qədər qızıl-gümüş var,

    İskəndər adına sikkə vurdular.

    (Səh. 164)

    Kişiyə sərvətdir verən yüksəliş,

    Dünyada onunla doğrulur hər iş.

    (Səh. 164)

    Yeddi il vergisi verilsə mənə,

    O başqa vergilər halaldır sənə.

    (Səh. 299)

    Malından bir az ye, bir az ver, ancaq

    Başqalar üçün də azacıq burax.

    Yemə var-yoxunu, çox yaşayarsan,

    Yoxsulluq yamandır qocalan zaman.

    Xərclə, ye, bərk tutma köhnə dünyanı,

    Xəsislik, ac qalmaq məhv edər canı.

    (Səh. 309)

    Qılınc, tüklü dəri dağ kimi durur,

    Saya gəlməyirdi zil qara samur.

    Saf qaqum o qədər yüklənmiş, görcək,

    Nə saymaq mümkündür, nə də söyləmək.

    Al tülkü dərisi, sincablar parlaq,

    Hələ nal görməmiş bir ilxı daylaq.

    Saf vaşaq dəridən məclis olur şən,

    Gündüzə xal düşmüş qara gecədən.

    Bunlardan başqa çox xəzinə, saman,

    Ürək sıxılırdı onu saymaqdan.

    Padişah baxınca o dərilərə

    Bir cənnət baharı gəldi nəzərə.

    Onları tanıdı bir-bir hökmüdar,

    Hər mətah nə kimi işə yarayar.

    Gördü parça-parça sincabla samur,

    Eləcə üst-üstə tökülmüş durur.

    Ən başda asılmış bir köhnə dəri.

    O qədər köhnədir getmiş tükləri.

    Nəzərdən keçirdi o dəriləri,

    Bilmədi nədir o asılmış dəri.

    Sordu ki: "Bu köhnə dərilər nədir?

    Nə kimi bəzəyə bunlar əl verir?"

    Çox incə bir cavab verdi rus ona:

    "Gördüyün mətahlar borcludur buna!

    Dəriyə xor baxma, "köhnədir" deyə,

    Dəyərli sərvətdir bizim ölkəyə.

    Zahirdə çirkinsə bu köhnə dəri,

    Bizcə hər dəridən çoxdur dəyəri.

    Hər bir dəri yığan çıxsa bazara,

    Bazarda bu tüksüz dəridir para.

    Sabit deyilsə də bu sim ilə zər,

    Çünki dövran onu tez-tez dəyişər.

    Bizim sikkəmizdir bu köhnə dəri.

    Tük qədər əksilməz bunun dəyəri".

    Bu işə çox heyrət etdi tacidar,

    Bu əmrə, bax, necə boyun qoydular.

    Vəzirə söylədi: "Hər bir dövlətin

    Qolunu siyasət etmişdir mətin.

    Bax, nələr yaradır xalq siyasəti.

    Dəriyə verir bir qızıl qiyməti.

    Bu yerdə gördüyüm bütün şeylərdən

    Yalnız mən bu işə deyərəm əhsən.

    Bu xalqda olmasa belə bir gövhər.

    Bu yerdə bir şəxsə kim boyun əyər?

    Hər kim etməmişsə bir hünər izhar,

    Yalnız bu hünərlə rus şahlıq qurar."

    (Səh. 369-370)

    Yoxsula ver nəyin varsa, çox, ya az,

    Yoxsul daxmasını kimsə aramaz.

    Görmürsən, bac verən bu dövlətlilər

    Yoxsul dəhlizindən qaparaq verər.

    (Səh. 374)


    II hissə “İqbalnamə”

    Borc əgər vaxtında ödənilməsə,

    Qaydadır: varisdən çatar varisə.

    (Səh. 35)

    Kim qane olarsa bir ovuc dənə,

    Dönməz dəyirman tək sənin dövrənə!

    Arpa çörəyinə edib qənaət,

    Buğda çörəyinə çəkmərəm minnət.

    Evdə bir arpası olmayan bir kəs

    Yarım arpa qədər minnət götürməz.

    (Səh.86)

    Çox pul qazanmağa eyləsən niyyət,

    Pulsuz adamlarla etmə məsləhət

    (Səh. 116)

    Xəzinə qızılı yığmaq üçündür,

    Qızıl da düşməni yıxmaq üçündür

    (Səh. 116)

    Səninçün bir yükdür daim xəzinə,

    Dincəlmək istəsən ver özgəsinə,

    Zər atəş deyil ki, daim yığılsın,

    Qığılcım kimidir, gərək dağılsın.

    (Səh. 117)

    Çox yemə, süfrədə hər şey çox da var,

    Artıq bir qətrədən qədəh də daşar.

    Bir müflis xəzinə tapmışdır həmən

    Yıxılıb ölmüşdü sevindiyindən.

    (Səh. 117)

    Orduya nə versən, rütbəylə payla,

    Yol xərcindən artıq pul vermə əsla.

    Qarınqulu adam olsa da qoçaq,

    Qarnı doyan kimi tənbəl olacaq.

    Nə o qədər ver ki, sərxoş olsunlar,

    Nə də elə et ki, lap ac qalsınlar.

    (Səh. 118)

    Sədəfin qabığı xeyli bərk olur,

    Odur ki, içi də dürlə doludur.

    Bərk daşlar içində gizlənər gövhər,

    Gövhər çətinliklə əldə edilər.

    (Səh. 119)

    Saxla əndazəni qədərlə, sayla,

    Bir az ye, bir az yığ, bir az da payla!

    Bu cür yeyib, yığıb paylasan əgər,

    Sənə bu dünyada xoşbəxt deyərlər.

    (Səh. 127)

    Bu nə tənbəllikdir ? Giriş bir işə,

    Bekarlıq insanı sıxar həmişə.

    (Səh. 127)

    Bir qanun qoydu ki, o kənddə heç kəs

    Muzdurun haqqını verməyə bilməz.

    Hər kəs verməlidir malına zəkat,

    Ora xərac üçün gəlməsin barat.

    Heç bir tövcü yığan ora gəlməsin...

    Belə hökmüdara yüz min afərin!

    (Səh.156-157)

    Şəhər əhalisi tutanda xəbər,

    Alver etmək üçün axıb gəldilər.

    Burda şəhər üçün hər cür mətah var,

    Acıdan, şirindən baxıb aldılar.

    Oldu bu alverdən bütün şəhər şad,

    Artdı əhalinin qazancı qat-qat.

    Şah da öz malından hər müştəriyə

    Əvəzsiz, minnətsiz etdi hədiyyə

    (Səh.171)


    Ədəbiyyat siyahısı:

    https://bakumodernschool.az/kitablar/bedii-edebiyyat/nizami-genjevi-isgendername-sherefname.pdf

    https://bakumodernschool.az/kitablar/bedii-edebiyyat/nizami-genjevi-isgendername-iqbalname.pdf